AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
KİMYA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Qüdrət Kəlbə­liyevin 70 yaşı tamam olur
Noy 14, 2016 | 10:45 / Yubileylər
Oxunub 162 dəfə

Noyabrın 13-də görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Kataliz və Qeyri-üzvi kimya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbə­liyevin 70 yaşı tamam olur.

Qüdrət Kəlbə­liyev 1946-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademi­yasının Neft mexanikası fakültəsini bitirib. 1978-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1993-cü ildə professor elmi adını alıb, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

O, 1969-1971-cı illərdə Sumqayıt Dövlət-Xlor Sənaye Layihə, 1971-1976-ci illərdə Neft-kimya Avtomatlaşdırma və Layihələşdirmə İns­titutunda mühəndis, 1976-cı ildən Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda (indiki Kataliz və Qeyri–üzvi Kimya İnstitutu) kiçik və böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışır.

Alim 1999-2006-cı illərdə Türkiyədə İsmət İnönü adına Uni­versitetdə “Kimya mühəndisliyi” bö­lümündə pedaqoji fəaliyyətlə məşğul olub.

Professor Q.Kəlbəliyevin elmi fəaliyyə­ti­nin əsas istiqaməti kimya texno­lo­giyasının dispers sistemlərində hidro­dinamik, reolo­ji, istilik və kütlə mü­badiləsi proseslərinin tədqiqi, model­ləşdirilməsi və optimallaş­dırıl­masıdır. Alimin bu istiqamətlərdə apardığı tədqiqatlar nəticəsində nəzəri olaraq, dispers sistemlərdə müxtəlif hissəciklərin hidrodinamik qüvvələrin təsiri al­tında birləşməsi, parçalanması, ayrıl­ması və çökməsi proseslərinin me­xanizminin təyin edilməsi və təcrübi cəhətdən təsdiqlənməsi, onla­rın istilik və kütlə mübadiləsinə, sistemin reologiyasına və hidrodinamik axımına təsirinin təhlili və riyazi modelləşdirilməsi aparılıb. Qeyri-sabit istilik və kütlə mübadiləsi proseslərinin, o cümlədən neft emalı proseslərinin istilik sistemlərinin, neftayırmada neft emulsiyalarının ayrılma və təmizlənmə proseslərinin, tozvari materialların dənəvərləşməsi, elektromaqnit sahələrdə cisimlərin qurudulması, çirkab sularının təmizlənməsi və s. proseslərin təhlili, hesablanması, modelləşdirilməsi işlənib hazırlanıb.

Kimyaçı alim 220 elmi əsərin, 7 patent, 5 monoqrafiya və kitabın müəllifi­dir. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunub. Alimin rəhbərliyi ilə 1 elmlər doktoru və 4 fəlsəfə doktoru hazırlanıb.

Q.Kəlbəliyev 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Görkəmli alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015