AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
KİMYA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan elminə ağır itki üz vermişdir
Noy 21, 2016 | 10:38 /
Oxunub 161 dəfə

Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Əməkdar elm xadimi, akademik Akif Həmid oğlu Əzizov noyabrın 20-də 73 yaşında vəfat edib.

Akif Əzizov 943‐cü il noyabrın 2-də Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş və MDU‐nun Kimya fakültəsini bitirmişdir.

A.Əzizov 1971‐ci ildə kimya üzrə fəlsəfə doktoru və 1991‐ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992‐ci ildə professor elmi adını almışdır. 2001‐ci ildə AMEA-nın müxbir üzvü, 2014‐cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

A.Əzizov aspirantura təhsilindən sonra elmi fəaliyyətinə AEA‐nın Neft‐Kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, 1988‐2014‐cü illərdə direktorun elmi işlər üzrə müavini vəzifələrində işləmişdir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri, AMEA‐nın Polimer Materialları İnstitutunun direktoru, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır.

A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil etmişdir.

Alim 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350‐si xaricdə çap olunmuşdur.

A.Əzizovun rəhbərliyi ilə kimya üzrə 15 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə etmişdir.

A.Əzizov kimya üzrə bir sıra cəmiyyətlərin və Elmi Şuraların, o cümlədən Rusiya Elmlər Akademiyasının Mineral və təkrar olunan karbontərkibli xammalın kimyası Elmi Şurasının xarici üzvü, Nyu‐York Elmlər Akademiyası və Amerika Kimya Cəmiyyətinin üzvü, Dövlət Neft Şirkəti yanında neft emalı üzrə Elmi‐texniki Şuranın, Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun və ARDNŞ ilə AMEA‐nın birgə Elm fondunun ekspert komissiyalarının üzvü olmuşdur.

Kimyaçı alim SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu, “Əmək rəşadəti” medalı, “Soros” Fondunun Fərdi Qrantı, AMEA‐nın Fəxri fərmanları, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adı, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və ixtiraçılıq sahəsində birinci respublika müsabiqəsinin I dərəcəli diplomu, “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuşdur.

Şərəfli ömür yaşamış Akif Əzizovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

http://science.gov.az/news/open/4571

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015