AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
KİMYA ELMLƏRİ BÖLMƏSİ
AMEA Polimer Materialları İnstitutunun yaradılmasının 50 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.
Okt 24, 2016 | 03:09 / Konfranslar, iclaslar
Oxunub 2470 dəfə

20 oktyabr 2016-cı il tarixində AMEA-nın Polimer Materialları İnstitutunun (PMİ) yaradılmasının 50 illik yubileyinə həsr olun­muş “Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” möv­zu­­sun­da Respublika elmi konfransı keçirilmişdir. Konfransın açılış mərasimi Sumqayıt Döv­lət Universitetində (SDU) baş tutdu. Tədbirdə AMEA Rəyasət Heyətinin və AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) üzvləri, AMEA-nın elmi müəssisələrinin, SDU-nun və Respublikanın ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər. Əvvəlcə qonaqlar PMİ-nin elmi naliyyətlərini əks etdirən sərgi ilə tanış oldular.

Yığıncağı AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi akademik Dilqəm Tağıyev açaraq institutun yaradılmasının 50 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Akademik D.Tağıyev yarım əsrlik tarixə malik olan AMEA PMİ-nin yüksəkmolekullu bir­ləşmələr kimyası sahəsində Respublikanın aparıcı el­mi mərkəzi olduğunu, institutun 1966-cı ildə Sumqayıt şə­hərin­də əvvəlcə Azərbaycan EA Neft-kimya Pro­sesləri İnstitutunun  Sumqayıt filialı, 1974-cü ildən Xlor­-üzvi Sintez İnstitutu və 1991-ci ildən isə Po­limer Materialları İnstitutu kimi fəaliyyət gös­tərdiyini qeyd etdi. AMEA PMİ-nin Azərbaycan kimya cəmiyyətində mühüm rola malik olduğunu bildirən akademik tədbir iştirakçılarını institutun dünyasını dəyişmiş alimlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. İnstitutun formalaşmasında və onun inki­şa­fında sabiq direktorlar – k.ü.e.d., professor S.İ.Sadıxzadənin (1966-1973-cü illər), Azər­bay­can EA-nın müxbir üzvü, k.ü.e.d., professor M.M.Hüseynovun (1973-1986-cı illər) və AMEA-nın həqiqi üzvü, k.ü.e.d., professor A.A.Əfəndiyevin (1987-2007-ci illər), AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, k.ü.e.d., professor A.M. Quliyevin (2008-2014-cü illər) və AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi A.H.Əzizovun (2014-2016-cı illər) əvəzsiz xidmətləri olduğunu iştirakçıların nəzərinə çatdırdı. Daha sonra akademik D.Tağıyev SDU-nun rektoru professor Elxan Hüseynova və kollektivinə tədbirin keçirilməsi üçün yaratdıqları şəraitə görə təşəkkürünü bildirdi.

Sonra İnstitutun direktoru v.i.e. AMEA-nın müxbir üzvü, k.ü.e.d., professor Bəxtiyar Məmmədov 50 il ərzində institutun keçdiyi inkişaf yolu, fəaliyyəti, uğurları  və gələcək perspektivləri haqqında geniş məlumat verdi. O, çıxışında institutun 17 əsas elmi-tədqiqat laborato­ri­yasının, 5 şöbə və digər elmi-texniki yardımçı böl­mələrin, Elmi Şura və Gənc Alim və Mütəxəs­sis­lər Şurasının, “Makromolekullar kimyası” və “Kom­pozit materialların kimyası və texnologi­ya­sı” ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən  Dissertasiya Şurasının, elmi seminarların fəaliyyət göstərdiyini və  hazırda institutda 263 əməkdaşın, o cümlə­dən, AMEA-nın 5 müxbir üz­vünün, 14 elmlər doktoru və 41 fəlsəfə doktorunun çalışdığını qeyd etdi.

Sonra çıxış edən SDU-nun rektoru professor Elxan Hüseynov əvvəlcə institut rəhbərliyini və əməkdaşlarını yubiley münasibəti ilə təbrik etdi və AMEA-nın prezidenti Akif Əlizadəyə və Təhsil Naziri Mikayıl Cabbarova minnətdarlığını bildirdi. Rektor ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin elmin inkişafına və elm xadimlərinə olan xüsusi diqqət və qayğısı siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin imzaladığı Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan mühüm məsələlərdən olan elmin inkişaf istiqamətləri, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması prosesinin bütün ali məktəblərin və elmi müəssisələrin üzərinə böyük məsuliyyət qoyduğunu söylədi. Rektor bu yaxınlarda SDU və AMEA PMİ arasında uzun illər aparılmış elmi əməkdaşlığın səviyyəsini və səmərəliliyini artırmaq məqsədi ilə İnstitutun nəzdində “Yüksək molekullu birləşmələr kimyası və ekologiya” Elm və Tədris Mərkəzinin yaradıldığını və birgə əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Konfransda çıxış edən AMEA-nın akademik Yusif Məmmədəliyev adına  Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov,  Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, t.ü.e.d. Əminağa Sadıqov yarım əsrlik tarixi olan Polimer Materialları İnstitutunun çoxsahəli fəaliyyətindən və əldə etdikləri elmi nailiyyətlərdən danışaraq kollektivə öz təbriklərini çatdırdılar.

Tədbirdə AMEA PMİ-nin keçdiyi 50 illik tarixi yolu əks etdirən qısa film nümayiş olundu. Yubiley münasibəti ilə institutun beş əməkdaşına AMEA  KEB-in Fəxri Fərmanları təqdim olundu.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015