AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
KİMYA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın Kimya Elmləri Bölməsi institutlarında aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Okt 25, 2016 | 03:56 / Konfranslar, iclaslar
Oxunub 2483 dəfə

Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyevin "AMEA-nın Kimya Elmləri Bölməsi institutlarında aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri" mövzusunda elmi məruzəsi dinlənilib.

Kimya Elmləri Bölməsinin institutlarının fəaliyyət göstərdikləri illər ərzində böyük inkişaf yolu keçdiyini bildirən Dilqəm Tağıyev akademiklər Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Vahab Əliyev, Əli Quliyev və başqalarının Azərbaycan kimya elminin və sənayesinin formalaşmasında, inkişafında mühüm rol oynadıqlarını, elmi məktəblər yaratdıqlarını, dəfələrlə dövlət mükafatlarına layiq görüldüklərini qeyd edib.

Bölmə rəhbəri müstəqillik illərində institutlarda aparılan tədqiqatların əsasında bir çox elmi və tətbiqi əhəmiyyətli nailiyyətlər əldə olunduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, 2003-2015-ci illərdə kimya elminin müxtəlif istiqamətləri üzrə − neft kimyası, üzvi və qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyasının nəzəri problemləri, yüksək molekullu birləşmələr sahələrində mühüm nəticələr əldə olunub.

Akademik Dilqəm Tağıyev vurğulayıb ki, son beş ildə bölmə institutları qrant müsabiqələrinin dəfələrlə qalibi olub, beynəlxalq əlaqələr genişlənib və iki beynəlxalq laboratoriya açılıb. İmpakt faktorlu jurnallarda çap olunmuş məqalələrin və onlara edilən istinadların sayının ildən ilə artdığını deyən Dilqəm Tağıyev "Scopus"da AMEA üzrə verilən məlumata görə kimyanın ümumi elmi göstəricilər baxımından 1-ci yeri tutduğunu, kimya mühəndisliyinin isə 3-5-ci yerləri bölüşdüyünü əlavə edib.

Bölmə rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alimlər qarşısında qoyduğu prioritet vəzifələr, qlobal iqtisadi böhranın təsiri və postneft dövrünün başlaması ilə əlaqədar qarşıdakı 2025-ci və sonrakı illər üçün kimya elminin ciddi inkişafına yüksək texnologiyalar və  tibb üçün qeyri-üzvi funksional materialların – topoloji izolyatorların və onlara oxşar laylı quruluşlu maddələrin nanohissəciklərinin və nazik təbəqələrinin alınması, ağır neft qalıqlarının, yanar şistlərin, palçıq vulkanları karbohidrogenlərinin elmtutumlu emal texnologiyalarının işlənilməsi, dərman maddələrinin təsir müddətini və səmərəliliyini artırmaq üçün qeyri-toksik polimerlərin və onların əsasında nanobiokompozit daşıyıcıların alınması, təbii və sintetik xammal əsasında biodeqredasiya xassəli biopolimerlərin, maşın və mexanizmlərin hissələrini əvəz edə bilən uzunmüddətli həyat tsiklinə malik plastiklərin, zərif üzvi kimya sintezinin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozisiya materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi və digər perspektiv istiqamətlər səbəb ola bilər.

Məruzə dinlənildikdən sonra müzakirə olunub. Rəyasət Heyəti AMEA-nın Kimya Elmləri Bölməsinin institutlarında aparılan elmi tədqiqatların vəziyyəti və inkişaf  perspektivləri haqqında məlumatın nəzərə alınması, qeyd olunan perspektiv istiqamətlərin gələcək fəaliyyət üçün əsas kimi götürülməsi haqqında qərar qəbul edib. Həmçinin, bölməyə daxil olan institutlara bir sıra müvafiq işlər görülməsi haqqında tapşırıq verilib. Qərarda perspektiv istiqamətlər üzrə tədqiqatların və alınacaq yeni nəticələrin müzakirəsinin mütəmadi olaraq təşkili, institutların elmi fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün onların koordinasiyası və elmi tədqiqatların  inteqrasiyasının təmin edilməsi, magistratura və doktorantura üzrə kadr hazırlığının göstərilən perspektiv istiqamətlər üzrə aparılmasına ciddi nəzarət olunması və digər məsələlər də yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015